Şpaqaçımız Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanıb.

Qrup mərhələsində keçirdiyi 6 görüş qalib başa vuran Ruslan Həsənov mütləq nəticə ilə pley-offa yüksəlib. 1/64 finalda yunan Dimitrios Markisə 15:6 hesabı ilə qalib gələn Ruslan, ardınca rumıniyalı Adam Masckanı 15:10 hesabı ilə məğlub edib. Həsənov 1/16 finalda Niderland təmsilçisi Rendi Postmanı yolundan kənarlaşdırıb (15:8). Ruslan 1/8 finalda israilli Stanislav Qalperə gücünü göstərib (15:13). 1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Ruslan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə müstəqillik tariximizdə ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb. Şpaqaçımız yarımfinalda fransal Artur Filippə 7:15 hesabı ilə uduzub. Digər şpaqaçılarımızdan qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Xalid Əliyev pley-offda çinli Xuedonq Vanqa 10:15 hesabı ilə məğlub olub.Qrup mərhələsində 6 görüşdən 2-də qalib gələn Barat Quliyev isə pley-offda Küveyt idmançısı Əli Əlfadhliyə 13:15 hesabı ilə uduzub. Daha öncə isə yeniyetmə sablyaçıların yarışında qrup mərhəsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Murad Əkbərov çıxışını başa vurmuşdu.

Aprel 12, 2019

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir