Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Fransanın Orlean şəhərində keçirilən Qran-pri turnirində çıxışını başa vurub. Təmsilçilərimizdən qadın sablyaçıların şəxsi yarışında ən yaxşı göstərici Anna Baştaya məxsusdur.

Turnirin 16 ən yüksək reytinqə malik qadın sablyaçıları sırasında qərarlaşan Anna mübarizəyə əsas mərhələdən 64 idmançı arasında keçirilən 1/32 final mərhələsindən başlayıb. Bu mərhələdə Annanın rəqibi digər qadın sablyaçımız, qrup mərhələsini 4 qələbə ilə başa vuraraq 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə belçikalı Jolien Korteyni 15:10 hesabı ilə məğlub edən Səbinə Kərimova olub. Görüş Baştanın 15:6 hesablı qələbəsi ilə başa çatıb. Anna Macarıstan idmançısı Luca Laszloya da eyni hesabla qalib gələrək adını ən güclü 16 idmançı sırasına yazdırıb. 1/8 finalda rusiyalı Svetlana Şevelevaya 14:15 hesabı ilə uduzan Başta yekun sıralamada 160-dan çox iştirakçı arasında 12-ci olub.

Qrupda 2 qələbəsi olan Valeriya Bolşakova 64-lüyə yüksəlmək üçün keçirilən görüşlərdə Ayaka Mukae (Yaponiya) və Fanni Potz-Nagini (Macarıstan) müvafiq olaraq 15:13 və 15:14 hesabı ilə məğlub edib. Valeriya turnirin əsas mərhələsində keçirdiyi ilk görüşdə macarıstanlı Liza Pusztaiyə 8:15 hesabı ilə uduzub.

Qrupu 3 qələbə ilə başa vuran Sevil Bünyatova isə 64-lüyə yüksəlmək uğrunda keçirilən ilk görüşdə kanadalı Tamar Qordona 10:15 hesabı ilə uduzub.

Noyabr 14, 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir