Yeniyetmə qız şpaqaçılarımız Fransanın Qrenobl şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən növbəti turnirdə qüvvəsini sınayıb.
Qız şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici Nazilə Rəhimovaya məxsusdur. Qrup mərhələsini 2 qələbə ilə başa vuran Nazilə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Kostanza Qreqqini 15:11 hesabı ilə məğlub edib. Növbəti görüşdə Almaniya təmsilçisi Mariella Tomikə 15:10 hesabı ilə qalib gələn Nazilə turnirin yarımfinalçısı amerikalı Aleksandra Drovetskiyə 12:15 hesabı ilə məğlub olub. Nazilə 200-dən çox yeniyetmə şpaqaçı arasında ümumi sıralamada 32-ci olub.
Qrupda 3 qələbəsi olan Alfiyə Abdinova pley-offda keçirdiyi ilk görüşdə ispan Martina Alvarez Torreqoya 15:12 hesabı ilə qalib gəlsə də ən güclü 32 idmançı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Natalie Leungə 8:15 hesabı ilə məğlub olub.
Qrupda 4 qələbə qazanan Aynur Quliyeva pley-offda fransalı Enora Mortecretteyə 11:15 hesabı ilə uduzub.
Qrupda 4 qələbəsi olan Xədicə Həsənli pley-offda İtaliya şpaqaçısı Asia Vitaliyə 10:15 hesabı ilə məğlub olub.
Qız şpaqaçıların komanda yarışında idmançılarımız ilk görüşündə İspaniyanı təmsil edən seçmə kollektivə 34:45 hesabı ilə uduzub.
Noyabr 22, 2021