Alişer Usmanov İsveçrənin Lozanna şəhərində keçirilən hesabat seçki konqresində növbəti 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib. Keçmiş sablyaçı olan Alişer Usmanov ilk dəfə 2008-ci ildə quruma prezident seçillib. Usmanov daha öncə Rusiya Qılıncoynatma Federasiyasının və Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti olub.

Ümumdünya qılıncoynatma ailəsinin dəstəyilə yenidən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsindən qürur duyduğunu bildirən Alişer Usmanov qılıncoynatmanın qlobal idman növünə çevrildiyini bildirib. O bildirib ki, qəbul edilən proqramlar qılıncoynatmanın dinamik inkişafına səbəb olub. Qılıncoynatmanın parlaq gələcəyindən əminliyini ifadə Usmanov qeyd edib ki, bu gün minlərlə yeniyetmə, gənc, təcrübəli idmançılar, məşqçilər və hakimlər qılıncoynatmanın inkişafı üçün çalışır.

Konqresdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Alişer Usmanovu yenidən qurumun rəhbəri seçilməsi münasibətilə təbrik edib.

Hesabat seçki konqresi 2020-ci ildə keçirilməli olsa da pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb.

Azərbaycan Qılıncoynatma Federasiyasını konqresdə baş katib Vasif Məmmədov təmsil edib. Konqres zamanı dünya qılıncoynatma ailəsinin bu il dünyasını dəyişən üzvlərinin o cümlədən mərhum məşqçimiz Cahangir Səfərovun xatirəsi anılıb.

Noyabr 27, 2021