Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib.

İlk yarış günündə qılıncoynatmanın sablya növündə gənc oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

Oğlanların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Maqsud Hüseynli pley-offda keçirdiyi ilk görüşdə braziliyalı Fernando Façini (15:11) ardınca Qazaxıstan təmsilçisi Bexultan Abzhala (15:12) qalib gələrək ən yaxşı 32 gənc idmançı sırasına yüksəlib. Hüseynli 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalına kimi irəliləyən Pietro Torreyə 6:15 hesabı ilə uduzub.

Qrup mərhələsini adlaya bilməyən Murad Əkbərov və Saleh Məmmədov isə mübarizəni erkən başa vurub.

Gənc qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Sofiya Mamina pley-offa yüksəlsə də, 64-lüyə yüksəlmək üçün keçirilən görüşdə yunan Aleksandra Papapetropoulouya 13:15 hesabı ilə uduzub.

Aprel 2, 2022