Qadınlardan ibarət sablya üzrə milli komandamızın üzvləri Fransanın Orlean şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

Təmsilçilərimizdən qadın sablyaçıların şəxsi mübarizəsində ən yaxşı nəticəyə Səbinə Kərimova imza atıb.Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-nü qələbə ilə başa vuran Səbinə pley-offun ilk qarşılaşmasında Rumıniya sablyaçısı Andrea Lupunu 15:12, ardınca Çin idmançısı Yinqjia Manı 15:8 hesabı ilə məğlub edib. Sablyaçımız uğurlu çıxışını əsas mərhələdə də davam etdirib. İtaliyalı İren Veççi üzərində 15:14 hesablı qələbə qazanan sablyaçımız, koreyalı Jisu Yuna 15:10 hesabı ilə qalib gəlib. Səbinə yeganə məğlubiyyətini turnirin qalibi Fransa təmsilçisi Manoon Brunet ilə görüşdə alıb. 1/8 finalda rəqibinə 11:15 hesabı ilə uduzan Səbinə Kərimova 200-dən çox idmançının mübarizə apardığı nüfuzlu yarışda yekun sıralamada 15-ci sırada qərarlaşıb.

Qrup mərhələsini 5 qələbə ilə bitirən Anna Başta isə pley-offda qazaxıstanlı Anastasiya Qulik (15:5) və bolqarıstanlı Yoana İliyevaya (15:14) qalib gəlməklə turnirin əsas mərhələsinə yüksəlib. Anna 1/32 finalda Yunanıstan sablyaçısı Despina Georgiadouya 12:15 hesabı ilə məğlub olub.

Digər sablyaçılarımızdan Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini uğurla adlasa da, əsas mərhələyə yüksələ bilməyib. İlk pley-off görüşündə qazaxıstanlı Aigerim Saribaya 15:14 hesabı ilə qalib gələn Sevil,növbəti qarşılaşmada ispan Selia Suensa Perezə 7:15 hesabı ilə uduzub. Valeriya Bolşakova isə ilk pley-off görüşündə bolqarıstanlı Emma Neikovaya 15:13 hesabı ilə qalib gəlib. Valeriya 1/32 finala yüksəlmək uğrunda görüşdə polşalı Marta Pudaya 14:15 hesabı ilə uduzub.

Noyabr 23, 2019

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir