Yeniyetmə qız şpaqaçılarımız Yunanıstanın Saloniki şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışını başa vurub.

Xədicə Həsənli (5 qələbə), Aynur Quliyeva (5 qələbə), Nazilə Rəhimova (6 qələbə) və Alfiyə Abdinova (5 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Ən güclü 8-liyə kimi irəliməməyi bacaran Xədicə yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Türkiyə təmsilçisi Yağmur Sonmusa 13:15 hesabı ilə uduzub.
Nazilə Rəhimova və Aynur Quliyeva isə pley-offda ən güclü 16-lığa kimi irəliləməyi bacarıb. Aynur Quliyeva bu mərhələdə yunan rəqibi Argyrenia Mouriki (7:15), Nazilə Rəhimova isə Yağmur Sonmusa (13:15) məğlub olub. Digər şpaqaçımız Alfiyə Abdinova isə 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Yağmur Sonmusa 10:15 hesabı ilə uduzub.
Yekun sıralamada Xədicə Həsənli 6-cı, Nazilə Rəhimova 9-cu, Aynur Quliyeva 13-cü, Alfiyə Abdinova isə 21-ci sırada qərarlaşıb.

Oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Raul Aruslanov 100-ə yaxın iştirakçı arasında 14-cü olub. Ən güclü 16-lığa kimi irəliləməyi bacaran Aruslanov pley-off mərhələsində keçirdiyi görüşlərdə yunan Azanasios Delidimitriou (15:5), ispan Jose Migel Martin Qamazoya (15:11) qalib gəlib. Şpaqaçımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Türkiyə təmsilçisi Murad Mericə 14:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən Orxan Həsənli və Cəmil Hidayətov qrup mərhələsini uğurla adlayaraq pley-offda bir-birinə rəqib olub. 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Orxan Cəmilə 15:6 hesabı ilə qalib gəlsə də növbəti mərhələdə belçikalı Marton Mezingerə 4:15 hesabı ilə məğlub olub.
Görüşləri idarə edən hakimlər arasında təmsilçimiz Samir Hüseynova da olub.
Yanvar 24, 2022