Şpaqa üzrə kişilərdən ibarət yığma komandamız Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.

Kişi şpaqaçılarımız komanda yarışında 21 komanda arasında 9-cu olub.Ruslan Həsənov,Xalid Əliyev,Barat Quliyev və Fərrux Səfərovdan ibarət komandamız ilk görüşündə finlandiyalı həmkarlarına 45:34 hesabı ilə qalib gəlib.Şpaqaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda görüşdə turnirin finalına kimi irəliləyən İtaliya komandasına 25:45 hesabı ilə uduzub.Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə ilk olaraq İsraili təmsil edən kollektivə 45:44 hesabı ilə qalib gəlib.Kişi şpaqaçılarımız ardınca Böyük Britaniyanı təmsil edən komandanı 45:35 hesabı ilə məğlub edib.Komandamız 9-cu yer uğrunda keçirilən həlledici görüşdə Almaniyanın gənc kişi şpaqaçılardan ibarət yığması üzərində 40:39 hesablı qələbə qazanıb.

Mart 2, 2020