Yeniyetmə qız sablyaçılarımız Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Circuit” turnirində iştirak edib. Sablyaçılarımızdan dünya birinciliyinin mükafatçısı Zərifə Hüseynova qız sablyaçıların şəxsi yarışında bürünc medal qazanıb.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə Hüseynova pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü 8-liyə yüksəlib. Burada türkiyəli sablyaçı Gökce Sena Üstünə 10:15 hesabı ilə uduzan Zərifə yekun sıralamada 100-dən çox idmançı arasında 7-ci olub və turnirin bürünc medalına layiq görülüb.
Qrupda 3 qələbəsi olan Fidan Quliyeva ilk pley-off görüşündə qalib gələrək ən güclü 64-lüyə yüksəlsə də, burada türkiyəli rəqibinə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə isə mübarizəni erkən dayandırıb.
Sablya üzrə yeniyetmə qızların komanda yarışında ilk görüşündə Türkiyəyə 22:45 hesabı ilə uduzan Zərifə Hüseynova, Fidan Quliyeva və Əminə Rzaquluzadədən ibarət seçmə kollektiv 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniyanın 3-cü komandasına 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Türkiyənin 5-ci komandasına 41:45 hesabı ilə məğlub olub. Yeniyetmə qız sablyaçılarımız 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Yunanıstanın 2-ci komandasına 35:45 hesabı ilə uduzub.
Turnirdə görüşləri idarə hakimlər arasında gənc hakimimiz Cavanşir Ağakişiyev də olub.
Noyabr 15, 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir