Yeniyetmə şpaqaçılarımız Slovakiyanın paytaxtı Bratislava şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Coupe du Danube 2022” turnirində çıxışını başa vurub.

Qız şpaqaçıların şəxsi yarışında Nazilə Rəhimova və Xədicə Həsənli 300-ə yaxın iştirakçı arasında 64-lüyə kimi irəliləməyi bacarıb.

Qrupda 4 qələbə qazanaraq pley-offa adlayan Nazilə Rəhimova pley-offda keçirdiyi ilk görüşdə Eleonara Sbarzellaya (İtaliya) 15:11 hesabı ilə qalib gəlsə də növbəti görüşündə ABŞ-ı təmsil edən Lihi Maçulskiyə 11:15 hesabı ilə uduzub.Qrupda 4 qələbəsi olan Xədicə Həsənli pley-offda keçirdiyi ilk görüşdə ukraynalı Nadiya Harçenkoya (15:11) hesabı ilə qalib gəlsə də növbəti görüşündə İtaliya idmançısı Orso Eleonoraya 11:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran Alfiyə Abdinovanın pley-offda Polşa təmsilçisi Paulina Ostrovskaya ilə görüşün əsas vaxtı 11:11 hesabı ilə başa çatsa da əlavə bir dəqiqə ərzində 1 xal qazanmağı bacaran polşalı şpaqaçı növbəti mərhələyə yüksəlib. Qrupu 2 qələbə ilə bitirən Aynur Quliyeva pley-offda ispan Martina Alvarezə 8:15 hesabı ilə uduzub.

Yeniyetmə oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Orxan Həsənli pley-offda ukraynalı Nazar Yevtuşenkoya 10:15 hesabı ilə uduzub.
Qrupu 2 qələbə ilə bitərən Raul Aruslanov pley-offda Rusiya təmsilçisi Yevgeni Ptaşkinə 3:15 hesabı ilə məğlub olub.
Cəmil Hidayətov isə qrup mərhələsini qələbəsiz başa vurub.

Turnirə qız və oğlan iştirakçıların komanda yarışı ilə yekun vurulub. Qızların komanda yarışında Alfiyə Abdinova, Nazilə Rəhimova və Xədicə Həsənlidən ibarət kollektiv ABŞ komandasına 27:38 hesabı ilə uduzub. Oğlanların komanda yarışında isə Cəmil Hidayətov,Orxan Həsənli və Raul Aruslanovdan ibarət heyət ilk görüşündə İtaliyanın ikinci komandasına 22:45 hesabı ilə məğlub olub.

Görüşləri idarə edən hakimlər arasında Samirə Hüseynova da olub.
Yanvar 16, 2022