Sablya üzrə milli komandamızın lideri Anna Başta Dünya Kubokunda qızıl medal qazanıb!

Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadınların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9) ardınca alman Julika Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Tokio olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbəyə sevinib.

Sablyaçımız yarımfinala yüksəlmək üçün yapon Misaki Emuraya 15:11 hesabı ilə qalib gəlib. Yarımfinalda italyan Rossella Qreqorionu 15:13 hesabı ilə məğlub edən qılıncoynadanımız finalda fransalı Mannon Bruneti 15:10 hesabı ilə üstələyib.

Dünya Kubokunun mərhələ yarışında təsnifatdan 64-lüyə yüksələn Səbinə Kərimova və Sevil Bünyatova isə qadınların şəxsi yarışında çıxışını başa vurub.
Səbinə Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə rusiyalı Olqa Nikitina (8:15), Sevil Bünyatova isə qazaxıstanlı Aigerim Saribaya (13:15) uduzub.
Yanvar 29, 2022