Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənc qılıncoynadanlar arasında Avropa birinciliyinə start verilib. İlk yarış günündə gənc oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
İdmançılarımızdan qrup mərhələsini uğurla adlayan Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (2 qələbə) və Ayxan Xasıyev (2 qələbə) pley-offda keçirdiyi ilk görüşdə məğlub olub.

Murad Əkbərov 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Fransa təmsilçisi Hüqo Latapi (5:15), Ayxan Xasiyev rusiyalı İvan Tsipin (5:15), Maqsud Hüseynli isə italyan Lorenzo Ottavianiyə (5:15) uduzub.

Qrupda 1 qələbəsi olan Saleh Məmmədov mübarizəni erkən dayandırıb.

Gənc şpaqaçı qızların şəxsi yarışında isə Xədicə Həsənli (3 qələbə) və Alfiyə Abdinova (2 qələbə) qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Xədicə ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə norveçli Vilde Tengesdala 11:12 hesabı ilə uduzub. Alfiyə isə pley-offda Türkiyə təmsilçisi Aleyna Eltürkə 10:15 hesabı ilə məğlub olub.

Nazilə Rəhimova və Azərin İdriszadə qrup mərhələsini adlaya bilməyib.

Gənc oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Barat Quliyev pley-offda Almaniya idmançısı Fabio Murruya 10:15 hesabı ilə uduzub.

Gənc qız sablyaçıların şəxsi yarışında yeganə təmsilçisi Sofiya Mamina qrupu mərhələsini 2 qələbə ilə başa vuraraq pley-offa yüksəlib.Sofiya ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Sirielle Girardinə 10:15 hesabı ilə məğlub olub.

Fevral 26, 2022