Bu gün Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Təmsilçilərimizdən Xədicə Həsənli (3 qələbə), Nazilə Rəhimova (3 qələbə), Alfiyə Abdinova (4 qələbə) və Aynur Quliyeva (3 qələbə) qrup mərhələsini uğurla adlayıb.

Xədicə Həsənli və Nazilə Rəhimova ən güclü 32-liyə kimi irəliləməyi bacarıb. Nazilə Rəhimova 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə avstriyalı Lena Çevauksa (15:14) qalib gəlsə də, növbəti qarşılaşmada macarıstanlı Dorina Vimmerə 3:15 hesabı ilə uduzub. Xədicə Həsənli ilk pley-off görüşündə italiyalı Federika Zoqnoya 14:13 hesabı ilə qalib gəlib.Xədicə növbəti görüşündə Maja Patriyə (Macarıstan) 9:15 hesabı ilə uduzub.

Alfiyə Abdinova pley-offda rumıniyalı İlinka İonesku (12:15), Ayur Quliyeva isə latviyalı Sofiya Prosinaya (9:15) məğlub olub.

Daha öncə Ayxan Xasıyev yeniyemə oğlan sablyaçıların yarışında qrupda 3 qələbə qazanaraq pley-offa yüksəlib. İlk pley-off görüşündə David Diaza (İspaniya) 15:14 hesabı ilə qalib gələn Ayxan ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Tolqa Aslana (Türkiyə) 10:15 hesabı ilə uduzub.

Mart 4, 2022