Estoniyanın paytaxtı Tallin şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatında yeniyetmələrin mübarizəsinə yekun vurulub.

Yeniyetmə qız sablyaçıların komanda yarışında Zərifə Hüseynova,Fərəh Abbasova,Fidan Quliyeva və Valentina Zeynalovadan ibarət millimiz ilk görüşündə Yunanıstan seçmə kollektivinə 45:36 hesabı ilə qalib gəlib. Yığmamız yarmfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Rumıniya komandasına 31:45 hesabı ilə məğlub olub.

Yeniyetmə oğlan sablyaçıların komanda yarışında Abbas Hüseynov,Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət millimiz ilk görüşündə Estoniya yığmasını 45:14 hesabı ilə məğlub edib. Yığmamız növbəti görüşündə Türkiyə komandasına 34:45 hesabı ilə uduzub.

Yeniyetmə qız şpaqaçıların komanda yarışında Xədicə Həsənli, Aynur Quliyeva və Nəzrin Mehdiyevadan ibarət yığmamız Polşanı təmsil seçmə kollektivə 35:44 hesabı ilə məğlub olub.

Fevral 24, 2023