Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərovun vəfatı ilə əlaqədar yazı hazırlayıb.

FIE-nin rəsmi saytında yerləşdirilmiş yazıda 53 yaşlı mütəxəssisin həm də hakim olduğu vurğulanıb.

Onun qılıncoynatma ilə 10 yaşından məşğul olmağa başladığı, dəfələrlə SSRİ çempionatlarının mükafatçısı, dünya və Avropa çempionatlarının iştirakçısı, SSRİ idman ustası olduğu xatırladılıb.

Bildirilib ki, 2001-ci ildə Azərbaycan millisinə məşqçi təyin olunmuş Səfərov bir neçə ölkə çempionu və mükafatçılar yetişdirib. O, yeniyetmə qızlardan ibarət sablya komandasında baş məşqçi olduğu vaxt yetirməsi Zərifə Hüseynova bu il Misirin paytaxtı Qahirədə keçirilmiş yeniyetmələr arasında dünya çempionatında bürünc medal qazanıb. C.Səfərovun oğlu Cavanşir Səfərov isə 2013-cü ildə İranın paytaxtı Tehrandakı dünya çempionatında sablya üzrə gümüş medala yiyələnib.

FIE dünya qılıncoynatma ailəsi adından C.Səfərovun ailəsinə və yaxınlarına, Azərbaycan Qılıncoynatma Federasiyasına və Avropa Qılıncoynatma Konfederasiyasına dərin hüznlə başsağlığı verib.

 

Dekabr 10, 2021