
Kişi şpaqaçılardan ibarət milli komandamızın üzvləri İsveçrənin Bern şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.
Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Fərrux Səfərov 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Lukas Malkottini 15:9 hesabı ilə məğlub edib. Səfərov növbəti görüşündə ABŞ şpaqaçısı Alen Hadziçə 10:15 hesabı ilə uduzub.
Qrupda 2 qələbəsi olan Ruslan Həsənov pley-offda keçirilən ilk görüşdə isveçrəli İan Hauriyə 15:11 hesabı ilə qalib gəlsə də, 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə amerikalı idmançı Dilan Nollnerə 10:15 hesabı ilə məğlub olub.
Qrupda 2 qalibiyyəti olan Xalid Əliyev pley-offda rusiyalı şpaqaçı Nikita Qlazkova 6:15 hesabı ilə uduzub.
Qrupu 1 qələbə ilə başa vuran Barat Quliyev pley-offa yüksələ bilməyib.
Kişi şpaqaçıların komanda yarışında Ruslan Həsənov,Barat Quliyev, Fərrux Səfərov və Xalid Əliyevdən ibarət seçmə kollektiv ən güclü 16 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikasına 37:38 hesabı ilə uduzub.