Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan sablyaçıları Vətənə qayıdıb.

İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qılıncoynatmanın sablya növü üzrə dünya çempionatında gümüş medal qazanan Zərifə Hüseynova yarışla bağlı təəssüratlarını bölüşüb.

“Bu yarışda yarımfinal görüşü mənimçün çətin oldu. Əvvəlcə uduzsam da, sonradan güc topladım və qalib gələ bildim. Final döyüşündə çox həyəcanlıydım. Çünki belə alınacağını heç gözləmirdim. Ona görə də həyəcan bir qədər təsir etdi.

Sonda Qılıncoynatma Federasiyasının rəhbərliyinə təşəkkür edir, baş məşqçimiz Çingiz Mustafayevə minnətdarlığımı bildirirəm”, – o əlavə edib.

 

Aprel 5, 2023