Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində 3-cü yarış gününə yekun vurulub.
Bu dəfə qılıncoynatmanın sablya növü üzrə gənc oğlan və qızların komanda yarışında qaliblər müəyyənləşib.
Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə oğlanlardan ibarət komandamız ilk görüşündə BƏƏ seçmə kollektivinə 45:25 hesabı ilə qalib gəlib. Gənc sablyaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan komandasına 23:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda keçirilən ilk görüşdə koreyalı həmkarlarına 16:45 hesabı ilə uduzan komandamız 13-16-cı yerlər uğrunda keçirilən ilk görüşdə Braziliya yığmasına 45:40 hesabı ilə qalib gəlib. Komandamız dünya birinciliyində keçirdiyi son görüşdə Gürcüstan millisinə 38:45 hesabı ilə məğlub olaraq yekun sıralamada 14-cü yeri tutub.