Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin şəxsi yarışında qaliblər müəyyənləşib.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Ruslan Həsənov ilk pley-off görüşündə Türkiyə təmsilçisi Ali Egeyə 15:8 hesabı ilə qalib gələrək ən güclü 16-lığa vəsiqə qazanıb. Bu mərhələdə eyni hesabla (15:8) Səudiyyə Ərəbistanı şpaqaçısı Cavad Əldavudu mübarizədən kənarlaşdıran Ruslan ən güclü 8-liyə yüksəlib. 1/4 finalda iordaniyalı qılıncoynadan İyad Odehə 15:11 hesabı ilə qalib gələn şpaçımıız yarımfinalda özbək şpaqaçı Fayzulla Alimovu 12:11 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Finalda qırğız Roman Petrovla qarşılaşan Ruslan təcrübəli rəqibinə 12:15 hesabı ilə uduzaraq kişi şpaqaçıların şəxsi yarışında 5-ci İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Digər təmsilçilərimizdən Kənan Əliyev (3 qələbə) və Barat Quliyev (4 qələbə) qrup mərhələsini uğurla adlasa da, pley-offda mübarizəni dayandırıb. Kənan ilk pley-off görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Əlhüseynə 15:7 hesabı ilə qalib gəlsə də, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Roman Petrova (Qırğızıstan) 12:15 hesabı ilə məğlub olub.
Barat Qulliyev isə ilk pley-off görüşündə BƏƏ şpaqaçısı Abdulla Əlhəmmədiyə 14:15 hesabı ilə məğlub olub.